BAKI, 24 yanvar. TELEQRAF

Meksika hakimiyyəti ABŞ Prezidenti Donald Trampın mümkün cavab tədbirlərindən narahat olaraq Kubaya neft tədarükünü davam etdirib-etdirməmək məsələsini yenidən qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Venesuelaya qarşı ABŞ-nin dekabr ayında həyata keçirdiyi addımlar və bu ölkədən Kubaya neft tədarükünün dayanması fonunda Meksika enerji böhranı yaşayan ada dövləti üçün əsas təchizatçıya çevrilib. Bu isə Vaşinqtonun diqqətini Meksikaya yönəldib.

Mənbələrin bildirdiyinə görə, Meksika prezidenti Klaudia Şeynbaum administrasiyasında Kubaya neft göndərişinin Trampı qıcıqlandıra və ABŞ tərəfindən birtərəfli addımlara səbəb ola biləcəyi ilə bağlı narahatlıq artıb. Hazırda neft tədarükünün tam dayandırılması, azaldılması və ya əvvəlki həcmdə davam etdirilməsi variantları müzakirə olunur.

Tramp yanvarın 11-də "Truth Social" platformasında “Kubaya nə neft, nə də pul gedəcək - sıfır” paylaşımı ilə diqqət çəkib. Ağ Ev rəsmiləri də Vaşinqtonun Kubaya qarşı sərt mövqeyini davam etdirəcəyini bəyan ediblər.

Rəsmi olaraq Şeynbaum neft tədarükünün uzunmüddətli müqavilələrə əsaslandığını və humanitar yardım xarakteri daşıdığını bildirsə də, mənbələr bu siyasətin daxili şəkildə yenidən nəzərdən keçirildiyini qeyd edirlər. Meksika eyni zamanda ABŞ-la ticarət sazişi USMCA-nın yenilənməsi üzrə danışıqlar aparır və narkokartellərlə mübarizədə Vaşinqtonu razı salmağa çalışır.

Məqalədə qeyd olunur ki, Meksika hakimiyyəti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının Meksika körfəzi üzərində artan fəallığından da narahatdır. Yerli KİV-lərin məlumatına görə, bu uçuşlar Kubaya gedən neft tankerlərinin marşrutları ilə üst-üstə düşür.

"Reuters"in məlumatına əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında Meksika Kubaya gündəlik orta hesabla 17,2 min barel xam neft və 2 min barel neft məhsulu ixrac edib. Bu tədarüklərin ümumi dəyəri təxminən 400 milyon dollar təşkil edib və göndərişlər Meksikanın dövlət neft şirkəti "Pemex" tərəfindən həyata keçirilib.

Mənbələr bildirir ki, Meksika daxilində bəzi dairələr neft tədarükünün tam kəsilməsinin Kubada ciddi humanitar böhran və kütləvi miqrasiya dalğasına səbəb ola biləcəyindən ehtiyat edir və bu səbəbdən tədarükün ən azı qismən saxlanılmasını müdafiə edirlər.