BAKI, 24 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ tərəfindən yaradılan “Qızıl Qübbə” raketdən müdafiə sisteminin Qrenlandiyada yerləşdirilməsinə etiraz etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, sözügedən sistem Qrenlandiya üzərindən qurulacağı təqdirdə Kanadanın təhlükəsizliyini də təmin edə bilərdi. Lakin Tramp qeyd edib ki, Kanada bu təşəbbüsə qarşı çıxaraq Çinlə əməkdaşlığın lehinə səs verib.
“Kanada Qrenlandiya üzərində "Qızıl Qübbə"nin qurulmasına qarşıdır, halbuki bu sistem Kanadanı da qoruyardı. Bunun əvəzində onlar Çinlə əməkdaşlığa səs verdilər. Çin isə onları elə ilk il ərzində ‘yeyər’”, - deyə ABŞ prezidenti yazıb.
Xatırladaq ki, Tramp bir gün əvvəl Qrenlandiya ilə bağlı aparılan danışıqlar çərçivəsində həmin ərazidə ABŞ-nin “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yerləşdirilməsi məsələsinin də müzakirə olunduğunu açıqlamışdı.
Qeyd edək ki, bir gün əvvəl Tramp Kanadanın "Sülh Şurası"na qoşulması üçün göndərilən dəvəti də geri çağırıb.