BAKI, 23 yanvar. TELEQRAF
ABŞ Dövlət Departamenti Venesuela məsələləri ilə məşğul olan və Kolumbiyadakı ABŞ səfirliyinin strukturuna daxil olan bölməyə yeni müvəqqəti işlər vəkilini təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Venesueladakı diplomatik nümayəndəliyinin saytında məlumat verilib.
Bildirilir ki, bu vəzifəyə daha əvvəl ABŞ-nin Honduras və Nikaraquadakı səfiri olmuş Laura Doqu gətirilib. O, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin xarici siyasət üzrə müşaviri də olub.
"Bloomberg" agentliyi qeyd edib ki, Doqunun təyinatı ABŞ-nin Karakasda rəsmi diplomatik mövcudluğunu tez bir zamanda bərpa etmək niyyətindən xəbər verir. Agentliyin məlumatına görə, ABŞ rəsmiləri daha əvvəl Venesuela paytaxtına səfər edərək Amerika səfirliyinin yenidən açılması imkanlarını qiymətləndiriblər.