BAKI, 20 yanvar. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Avropanı zəiflətməyə çalışdığını bildirib.
Teleqraf xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında Makron dünya ölkələrini "ən güclülərin qanunu"na tabe olmamağa çağırıb.
Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiya və Danimarkanı dəstəkləyən Avropa ölkələrinə tarif tətbiq etməklə bağlı təhdidlərinə toxunaraq deyib: "Dünya gücün istədiyini etdiyi bir mərhələyə qədəm qoyub. Avropa bunu qəbul etməməlidir. Avropa bizim və kobud gücə tabe olmaqdan imtina edənlərin maraqlarına xidmət edən çoxtərəfliliyi müdafiə etməlidir".
Xatırladaq ki, 17 yanvarda ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-yə qoşulmasını dəstəkləməyən Avropa ölkələrinə 10% tarif tətbiq etdiyini elan edib. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Prezident Trampın Qrenlandiya ilə bağlı mövqeyinə görə bir neçə Aİ ölkəsinə əlavə tarif tətbiq etmək qərarını pisləyib.