BAKI, 15 yanvar. TELEQRAF
"İranda baş verən iğtişaşlar zamanı çox sayda polis əməkdaşının həlak olması hüquq-mühafizə orqanlarının nümayiş etdirdiyi yüksək təmkin səviyyəsini və etirazçılar sırasına sızmış terrorçu qruplar tərəfindən törədilən zorakılığın miqyasını göstərir".
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçinin BMT-nin baş katibi Antonio Quterreşə, BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkə və təşkilata üzv ölkələrin xarici siyasət qurumlarının rəhbərlərinə ünvanladığı məktubda bildirib.
Sənəddə qeyd olunur ki, iğtişaşlar zamanı çox sayda polis əməkdaşı həlak olub, bir çoxu isə müxtəlif dərəcəli xəsarətlər alıb. Məktubda vurğulanır ki, itkilərin çoxluğu, bir tərəfdən, hüquq-mühafizə orqanlarının təmkinli davranışını, digər tərəfdən isə onlara qarşı terrorçu ünsürlərin tətbiq etdiyi zorakılığın yüksək səviyyəsini əks etdirir.
Araqçi, həmçinin bildirib ki, İran hakimiyyəti ictimai asayişin və milli təhlükəsizliyin təmin edilməsi, eləcə də əhalinin müdafiəsi üzrə öhdəliklərini yerinə yetirərkən zorakılıq və terror aktları fonunda mümkün olan bütün tədbirləri görərək maksimum təmkin nümayiş etdirib.