BAKI, 14 yanvar. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski enerji sahəsində fövqəladə vəziyyət elan edib.
Teleqraf xəbər verir ki, Zelenski hökumətə bu vəziyyətə uyğun olaraq qaydalar hazırlamağı tapşırıb.
"Rusiyanın hava hücumları və pisləşən hava şəraitinin nəticələri ciddidir. Təmir briqadaları, enerji şirkətləri, kommunal xidmətlər və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti elektrik və istilik təchizatını bərpa etmək üçün gecə-gündüz işləməyə davam edir. Bir çox məsələ təcili həll tələb edir. Fövqəladə vəziyyət dövründə bəzi şəhər və rayonlar üçün komendant saatını ləğv edə bilərik", - Zelenski bildirib.
Onun sözlərinə görə, bu, insanların istənilən vaxt bütün lazımi dəstəyi ala bilməsi və müəssisələrin enerji sistemindəki vəziyyəti nəzərə alaraq işlərini daha rasional şəkildə planlaşdıra bilməsi üçün lazımdır.
Ukraynanın Zakarpatye bölgəsi istisna olmaqla, bütün bölgələrində komendant saatı tətbiq olunur. Bu, regional hərbi administrasiyalar tərəfindən tətbiq olunur və adətən gecə yarısından səhər saat 5-ə qədər davam edir.
Yanvarın 14-də Ali Rada Ukraynada hərbi vəziyyət və səfərbərliyin daha 90 gün uzadılmasına qərar verib.