BAKI, 10 yanvar. TELEQRAF
Rusiya və ABŞ arasında hazırda bir çox məsələlərdə çoxsaylı fikir ayrılıqları var.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa "Lenta.ru"ya bildirib.
Deputatın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə fikir ayrılığının olması normaldır.
"Əgər Putin Trampa uyğunlaşsaydı, o məmnun olardı. Əlbəttə ki, bu, olmayacaq. Bizim öz maraqlarımız var. Və biz onları müdafiə edəcəyik, siyasi arenada kimisə məmnun etmək üçün oynamayacağıq", - Çepa bildirib.
Sədr müavini əlavə edib ki, ABŞ-də milli inkişaf üçün vahid istiqamət yoxdur: "Bu gün Amerika cəmiyyəti qeyri-sabitlik və yalançı demokratiya yaşayır və buna görə də bir çox siyasətçi siyasi oyunlar oynamağa məcburdur".
Xatırladaq ki, bu gün Tramp ABŞ-nin neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüş zamanı Ağ Ev rəhbəri Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığı mümkün hesab edib. Eyni zamanda, Amerika lideri yaxşı münasibətlərinə baxmayaraq, Putindən məyus olduğunu qeyd edib.