BAKI, 10 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətinin ABŞ-yə 30 milyon barel neft ötürməyə razılaşdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə neft şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, yanvarın 8-də Venesuela ABŞ-yə 30 milyon barel neft tədarük edib və hazırda bu həcmdə neft ABŞ istiqamətində daşınır. Tramp qeyd edib ki, sözügedən neftin dəyəri təxminən 4 milyard dollar təşkil edir.

ABŞ prezidenti Venesuela tərəfinə təşəkkür edərək, iki ölkə arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, əgər tərəflər arasında normal qarşılıqlı əlaqə olmasaydı, Venesuela bu qədər böyük həcmdə neft ötürməzdi.

Qeyd edək ki, Donald Tramp yanvarın 6-da Venesuela hakimiyyətinin ABŞ-yə satış məqsədilə 30-50 milyon barel neft verəcəyini, bu əməliyyatdan əldə olunacaq gəlirlərə isə şəxsən nəzarət edəcəyini bəyan etmişdi.