BAKI, 7 yanvar. TELEQRAF
ABŞ prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinə dörd fərqli ssenari ilə nail olmağa çalışa bilər.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın "The Times" qəzeti yazır.
Nəşrin məlumatına görə, birinci variant adaya hərbi müdaxilə və onun işğalını nəzərdə tutur. İkinci ssenari isə məcburetmə yolu ilə bağlıdır, Tramp Danimarkaya Qrenlandiyanı satmağı təklif edə, adanın əhalisinə isə iri iqtisadi investisiyalar vəd edə bilər.
Üçüncü variant azad assosiasiya haqqında sazişin bağlanmasıdır. Hazırda ABŞ-nin Mikroneziya, Marşall adaları və Palau ilə bu tip razılaşmaları var. Bu sazişlərə əsasən, Vaşinqton maliyyə dəstəyi göstərir, əvəzində isə müdafiə məsələlərinə nəzarəti öz üzərinə götürür, daxili özünüidarə isə qorunur.
Dördüncü ssenariyə görə, Qrenlandiya Danimarkanın tərkibində qalır, lakin adada ABŞ-nin hərbi mövcudluğu artırılır, faydalı qazıntıların kəşfiyyatı üçün Amerika şirkətləri ilə kommersiya müqavilələri bağlanır və ABŞ-dən olan məmurlar yerli hökumət üzvlərinə müşavir təyin olunur.
Qeyd olunur ki, Donald Tramp Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruriliyini dəfələrlə bəyan edib. O, ilk prezidentlik dövründə adanı satın almağı təklif etmiş, 2025-ci ilin martında isə Danimarka imtina edərsə, ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyərək Qrenlandiyanın anneksiyasına əminliyini ifadə etmişdi. Danimarkanın baş naziri Mette Frederiksen isə bu iddiaları rədd edərək, Qrenlandiyanın krallığın bir hissəsi olduğunu vurğulayır.