BAKI, 11 dekabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron 15-16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin qəbuluna nail olmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, o, bunu Sen-Malo şəhərində Ouest-France qrupunun oxucuları ilə görüşdə bildirib.

Makronun sözlərinə görə, hökumət bütün sosial şəbəkələri istifadəçilərin yaşını yoxlamağa məcbur edəcək.

“Bu yaş həddi 15 və ya 16 olaraq müəyyən ediləcək. Bu həddən aşağı olanlara giriş qadağan olunacaq", - o deyib.

Prezident layihənin ən qısa zamanda parlamentə təqdim ediləcəyini və 2026-cı ilin əvvəlində müzakirəyə çıxarılacağını bildirib. O, qanunun öz prezidentlik müddəti bitməzdən əvvəl qəbul ediləcəyinə söz verib.

Makron bu sahədə “Avstraliya modelinə” istinad edib.

Xatırladaq ki, 9 dekabrdan etibarən Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsi qanunla qadağan edilib və platformalar bu hesabları deaktiv etmək öhdəliyi daşıyır.