BAKI, 5 dekabr. TELEQRAF

ABŞ Dövlət Departamenti Kanadaya ümumi dəyəri 2,68 milyard dollar olan sursat və aviasiya bombalarının mümkün satışına razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə silah və hərbi texnikanın xaricə hökumətlərarası müqavilələr əsasında tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Kanada tərəfi ABŞ-dən BLU-117, BLU-109, BLU-111 və GBU-39 tipli aviabombalar, onlarla bağlı müxtəlif avadanlıqlar, eləcə də təlim sursatları sifariş edib.

Sənəddə vurğulanır ki, nəzərdə tutulan satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, çünki bu, NATO üzrə müttəfiq olan Kanadanın döyüş potensialını gücləndirəcək.

ABŞ administrasiyası artıq mümkün silah satışının təsdiqlənməsi barədə Konqresi məlumatlandırıb. Qanunverici orqanın sövdələşməni nəzərdən keçirmək və ehtimal olunan bloklama üçün 30 gün vaxtı var.