BAKI, 5 dekabr. TELEQRAF
BMT baş katibinin köməkçisi, Ukraynadakı humanitar proqramların daimi nümayəndəsi və koordinatoru Matias Şmale Rusiyanın başlatdığı müharibədə atəşkəs mümkünlüyünə nikbin baxmır.
Teleqraf xəbər verir ki, bu barədə Şmale BMT-nin mənzil-qərargahında jurnalistlərə bildirib.
"Mən bilirəm ki, ehtiyatlı nikbinlik məqamları olub, lakin mən bu dəhşətli faciənin sonuna yaxınlaşdığımıza dair heç bir nikbinlik hiss etmirəm", - BMT baş katibinin köməkçisi qeyd edib.
Onun sözlərinə görə, vəziyyətdə atəşkəs əlaməti yoxdur.
"Ukraynada tez-tez getdiyim yerlərdə, xüsusən də şərq bölgələrində atəşkəsə yaxınlaşdığımızı hiss etmirəm. Müharibə dayanmadan davam edir, bir tərəfdən enerji infrastrukturu... və digər tərəfdən insan həyatı, əhəmiyyətli dağıntılar var. İnsanlar ölür və yaralanır",- Şmale bildirib.
O vurğulayıb ki, qışın gəlişi ilə enerji təchizatı ilə bağlı vəziyyət xüsusi narahatlıq doğurur, çünki “insanlar şəhərlərdə hündürmərtəbəli binalarda ilişib qala bilərlər”.
"BMT-nin himayəsində olan humanitar strukturlar qış şəraitində əhaliyə, xüsusilə də həssas qruplara dəstək olmaq üçün səylər göstərir, “lakin sərt qışın ortasında enerji infrastrukturunun dağıdılmasının davam etdiyi və bərpasının buna uyğun gəlmədiyi ssenari fəlakətə səbəb ola bilər”, - deyə BMT nümayəndəsi qeyd edib.
Nümunə kimi o, bir neçə həftə əvvəl 40 min sakinin rabitə əlaqəsinin kəsildiyi və evakuasiya məsələsinin ciddi şəkildə nəzərdən keçirildiyi Sumi şəhərini göstərib.
"Lakin xoşbəxtlikdən bunun qarşısı alındı", - deyə Şmale əlavə edib.