BAKI, 3 dekabr. TELEQRAF
Avstraliya və Yeni Zelandiya NATO-nun Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL proqramına qoşulub.
Teleqraf xəbər verir ki, bunu NATO baş katibi Mark Rütte Brüsseldə keçirilən nazirlər görüşündən sonra açıqlayıb.
Rüttenin sözlərinə görə, bu iki ölkə NATO üzvü olmadan PURL-ə qoşulan ilk dövlətlərdir. O bildirib ki, NATO ölkələrinin üçdə ikisi artıq proqramda iştirak edir və avqust ayından ilin sonunadək Ukrayna üçün 4 milyard dollardan çox ABŞ silahı alınacaq.
Baş katib əlavə edib ki, 2025-ci ildə proqram üzrə aylıq tədarüklərin 1 milyard dollara çatacağı gözlənilir. Bu göstəriciyə Avropanın Ukraynaya göndərdiyi birbaşa paketlər daxil deyil.
Aİ isə 2026–2027-ci illərdə Kiyevin hərbi ehtiyacları üçün 115 milyard avro ayırmağı planlaşdırır.
Qeyd edək ki, PURL proqramı əvvəlki pulsuz və ya kreditlə silahvermə mexanizmini əvəz edir və NATO ölkələrinin ABŞ-dən birgə silah almasını nəzərdə tutur.