BAKI, 2 dekabr. TELEQRAF
Suriya ilə razılaşma mümkündür. Biz Suriya hökumətinin Dəməşqdən Hermon dağına qədər silahsızlaşdırılmış bufer zona yaratmasını gözləyirik.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla müzakirələrdən sonra bildirib. Tramp administrasiyası İsrailin Dəməşqlə “güclü və səmimi dialoqu” davam etdirməsini vacib hesab edir.
Suriya ərazisini işğal etdiyi üçün İsraili rəsmən tanımır. 1967-ci il müharibəsi zamanı İsrail Suriyanın Qolan Təpələrini ələ keçirib.
Netanyahu İsrailin mərkəzində yaralı əsgərlərə baş çəkərkən deyib: “Əlbəttə, Suriyanın Dəməşqdən Hermon dağına qədər bufer zona yaratmasını gözləyirik. Biz İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bu əraziləri qoruyuruq və bu, bizim borcumuzdur. Suriyalılarla razılaşmaq olar, lakin istənilən halda öz prinsiplərimizə sadiq qalacağıq".