BAKI, 26 noyabr. TELEQRAF
Fransa polisi Parisdə yerləşən Luvr muzeyində həyata keçirilmiş “əsrin oğurluğu” ilə bağlı daha bir şübhəlini saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Parisin banditizmlə mübarizə briqadası muzeyi soyduğu iddia edilən dəstənin dördüncü və ehtimal olunan son üzvünü çərşənbə axşamı ələ keçirib
Şübhəli hazırda Paris Cinayət Polisi tərəfindən təşkil olunmuş dəstə ilə oğurluq və cinayətkar sövdələşmədə iştirak ittihamları ilə dindirilmək üçün nəzarətdə saxlanılır.
Oktyabrın sonunda oğurluqda ittiham olunan Parisin Obervilye qəsəbəsinin iki sakini həbs olunub. Üçüncü ehtimal olunan iştirakçı noyabrın əvvəlində tutulub.
Son saxlanılan şəxslə birlikdə Luvr soyğununa görə həbs edilən və gözaltına alınanların ümumi sayı 7-yə çatıb. Sonradan ortaya çıxan məlumatlara görə, saxlanılanlardan bəzilərinin DNT izləri həm qırılmış vitrinlərdə, həm də hadisə yerində aşkarlanıb. Daha əvvəl həbs edilən yutubçu və moto-kross çempionu Abduley N.-nin DNT-si isə qaçış zamanı istifadə edilən skuterlərdən birində tapılıb. O, naməlum şəxslərin əmri ilə oğurluqda iştirak etdiyini etiraf edib.
Qeyd edək ki, ötən ay baş verən oğurluq hadisəsi Luvrun “Apollon qalereyası”nda – Krallıq zinət əşyalarının sərgiləndiyi bölmədə baş vermişdi. Oğrular ümumilikdə 9 qiymətli əşyanı götürərək muzeyi tərk etmişdilər. Qaçarkən düşən imperatriçə Yevgeniyaya məxsus tac isə zədələnmiş şəkildə muzeyin yaxınlığında tapılmışdı.
Oğurluq əməliyyatının cəmi 7 dəqiqə sürdüyü, aparılan ilkin hesablamalara görə, oğurlanan əsərlərin dəyərinin 88 milyon avroya yaxın olduğu bildirilir. Hadisədən sonra Luvr rəhbərliyi təhlükəsizlik sistemində ciddi boşluqlar olduğunu etiraf edib və bir sıra qiymətli eksponatlar Fransa Bankına köçürülüb.