BAKI, 19 noyabr. TELEQRAF

Almaniya Daxili İşlər Nazirliyinin Əfqanıstan vətəndaşlarına Almaniyaya girişdən könüllü imtina etmələri müqabilində pul təklifi planı demək olar ki, nəticə verməyib.

Teleqraf xəbər verir ki, bu barədə "BILD" nəşri məlumat yayıb.

Bildirilir ki, Pakistanda Almaniyaya köçürülməni gözləyən təxminən 700 əfqan arasında bu təklifi qəbul edənlər çox az olub.

"Kabul Luftbrücke" humanitar təşkilatının nümayəndəsi Eva Beyerin sözlərinə görə, təklifi qəbul edənlərin sayı maksimum “beş ailə” ola bilər.

Proqrama əsasən, artıq qəbul təminatı verilmiş əfqanlara təhlükəsiz ölkəyə köçməkdən könüllü şəkildə imtina etmələri üçün maddi vəsait təklif olunub. Lakin böyük əksəriyyət bundan imtina edib və Almaniyanın evakuasiya qərarını gözləməyi üstün tutub.

Təklifi qəbul etməyənlərə bildirilib ki, yoxlamalar uzun müddət davam edə bilər və gələcəkdə onların Almaniyaya daxil olmaq hüququ ləğv oluna bilər.

Pakistanda əfqanların qalma müddəti ilin sonunadək uzadılıb. Almaniya bu müddətədək onların evakuasiyasını başa çatdırmasa, Pakistan hakimiyyəti deportasiyalara başlaya bilər.