BAKI, 16 iyul. TELEQRAF
"Hindistan, Braziliya və Çin Rusiya ilə əməkdaşlığı davam etdirsə, bu ölkələrə sanksiyalar tətbiq oluna bilər".
Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
Rutte ABŞ Konqresində senatorlarla görüşü zamanı deyib: "Zəhmət olmasa, Rusiya Prezidenti Vladimir Putinə zəng edib deyin ki, o, Ukrayna ilə bağlı ciddi danışıqlara başlamalıdır. Əks halda bu vəziyyət Braziliya, Hindistan və Çin üçün ciddi nəticələr doğuracaq".
O həmçinin əlavə edib ki, Avropa Ukraynanın sülh danışıqlarında güclü mövqe tutması üçün lazımi maliyyəni tapmağa qadirdir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər Rusiya ilə 50 gün ərzində razılaşma əldə olunmasa, Vaşinqton Rusiya və onun ticarət tərəfdaşlarına qarşı təxminən 100% gömrük rüsumu tətbiq edəcək.