BAKI, 11 iyul. TELEQRAF

ABŞ avqustun 1-dən Kanadadan gətirilən mallara idxal rüsumları tətbiq edəcək.

Teleqaraf xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə xəbərdarlıq məktubu göndərib.

Amerika lideri sosial şəbəkə hesabında bildirib: “Avqustun 1-dən etibarən ABŞ-yə idxal edilən Kanada məhsullarına sənaye tariflərindən ayrı olaraq 35 faizlik rüsumlar tətbiq edəcək”.

Tramp qərarının səbəbi kimi Kanadanın fentanil qaçaqmalçılığını dayandırmamasını göstərib. Bildirilib ki, Kanada narkotik axını ilə mübarizə aparmaq üçün ABŞ ilə işləsə, mövcud tarif planına düzəlişlər edilə bilər.

Prezident həmçinin avqust ayında yeni tariflərin tətbiq edilməsinə səbəb kimi ticarətdəki tarif və qeyri-tarif maneələrini, ticarət kəsirini və ABŞ-nin süd məhsullarına 400 fazilik rüsumunu göstərib.

Amerika administrasiyasının rəhbəri əlavə edib ki, tarif cədvəli ikitərəfli münasibətlərin vəziyyətindən asılı olaraq dəyişə bilər.