BAKI, 29 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyasının təşəbbüsü ilə hazırlanmış dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsi Senatda prosedur səsverməsindən keçib.

Teleqraf xəbər verir ki, sənədi 51 deputat dəstəkləyib, 49-u əleyhinə səs verib.

Yekun səsvermənin yaxın günlərdə keçiriləcəyi gözlənilir. Hazırda Konqresin hər iki palatasına nəzarət edən respublikaçılar qanun layihəsinin iyulun 4-dən gec olmayaraq təsdiqlənməsinə nail olacaqlarını bildirirdilər.

Sənəd bir sıra sahələrdə əhəmiyyətli vergi endirimlərini və dövlət xərclərini nəzərdə tutur. Eyni zamanda müdafiə xərclərinin artırılması, xüsusən də “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılması qeyd olunur.

Bundan əlavə, yeni qaydalarda sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı tədbirlər ehtiva edilir, həmçinin bu sahədə xərclərin artırılması planlaşdırılır.