BAKI, 26 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Nederlandda keçirilən NATO sammitində iştirak edib.

Teleqraf xəbər verir ki, ölkəsinə qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan gündəmlə bağlı fikirlərini bölüşüb.

Türkiyə-ABŞ münasibətlərinə toxunan Ərdoğan bildirib: “Dostum Trampla Türkiyə-ABŞ münasibətlərində yeni bir dövrün qapısını açırıq".

Prezident əlavə edib ki, Trampın Türkiyəyə səfəri ilə bağlı da danışıqlar aparılıb və Tramp ona “Putin gəlsə, mən də gələrəm” deyib.

Ərdoğan, həmçinin keçirilən sammit haqqında məlumat verərək, Avropa-Atlantik təhlükəsizliyinin böhranlar, münaqişələr və savaşlarla sınandığı bir dövrdə görüşün təşkil olunduğunu bildirib. O, beynəlxalq mətbuat konfransında sammitdə qəbul edilən qərarlar barədə geniş məlumat verib: "Sammitin əsas mövzusu alyans üzvlərinin müdafiə xərclərinin artırılması olub. 10 il ərzində müdafiə xərclərinin ÜDM-in 5%-i səviyyəsinə yüksəldilməsi qərara alınıb. Türkiyə bu hədəfə ən yaxın ölkələrdən biridir. Bunun üçün alyans üzvləri arasında məhdudiyyətlərin aradan qaldırılması vacibdir. Eyni zamanda, Avropa İttifaqına üzv olmayan üzvlərin milli müdafiə və təhlükəsizlik təşəbbüslərinə qatılmasının təmin olunması zəruridir".

Prezident qeyd edib ki, Ukraynaya dəstək və müharibənin gedişi də sammitdə ən çox müzakirə edilən mövzulardan olub.

Türkiyə olaraq ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirdiyini vurğulayan Ərdoğan, yaxın gələcəkdə üçüncü danışıqlar mərhələsinə ev sahibliyi etmək üçün tərəflərlə dialoqda olduqlarını da qeyd edib.