
BAKI, 24 iyun. TELEQRAF
"İsrail və İran demək olar ki, eyni vaxtda mənə münaqişənin dayandırılması və sülhün bərqərar olması xahişi ilə müraciət ediblər".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb.
“İsrail və İran demək olar ki, eyni vaxtda yanıma gəlib “Sülh!” dedilər. Mən bilirdim ki, vaxtıdır. Sülh, Yaxın Şərq, həqiqətən də qalibdir! Hər iki ölkənin sevgi, sülh və firavan gələcəyi var. Haqq və həqiqət yolundan azarlarsa, qazanacaqları və ya itirəcəkləri çox şey var”, - Tramp bildirib.
Tramp qeyd edib ki, İsrail və İranın gələcəyi vədlərlə doludur: "Allah onları qorusun! İsrail və İran tam atəşkəs olacağına dair tam razılığa gəliblər. Yaxın saatlarda ilk atəşi dayandıran İslam Respublikası olacaq, 12 saat ərzində isə yəhudi dövləti də eyni addımı atacaq. Bu, 12 günlük müharibənin bitməsinə gətirib çıxaracaq".
"Reuters"in Ağ Evin sözçüsünə istinadən verdiyi məlumata görə, Tramp iyunun 23-də telefon danışığı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu ilə atəşkəs barədə razılığa gəlib. İsrail İranın yeni zərbələr endirməyəcəyi təqdirdə atəşkəsə razılaşıb.
İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. ABŞ silahlı münaqişəyə doqquz gün sonra qoşulub. İyunun 22-nə keçən gecə Amerika qüvvələri İranın üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana hücum edib. İyunun 23-də axşam Tehran Qətərdəki Amerikanın Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ rəsmilərinin məlumatına görə, hücum zamanı heç bir itki yoxdur və ciddi ziyan dəyməyib.