BAKI, 14 iyun. TELEQRAF
24-25 iyun tarixlərində Niderlandın Haaqa şəhərində keçiriləcək NATO sammitində əsas diqqət hərbi xərclərin artırılması və silah istehsalının gücləndirilməsinə yönələcək.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bu sammit əvvəlkilərdən daha qısa olacaq və yekunda qısa bir bəyanat qəbul ediləcək.
Hazırda NATO-nun 32 üzv ölkəsinin heç biri, o cümlədən ABŞ hərbi xərcləri ÜDM-in (ümumi daxili məhsul) 5 faizinə çatdırmayıb. Amma ABŞ Prezidenti Donald Tramp bu tələbi irəli sürüb. Buna görə də NATO ölkələri 2032-ci ilə qədər hərbi xərcləri 5 faizə çatdırmaq planı üzərində işləyirlər. Bu məsələ bu həftə Türkiyədə NATO ölkələrinin xarici işlər nazirləri ilə keçiriləcək görüşdə müzakirə olunacaq.
Qeyd olunur ki, NATO artıq üzv ölkələrə hansı silah və texnikanı artırmalı olduqlarını göstərən məxfi siyahılar göndərib. Bu siyahılar mayın 15-də Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə müzakirə olunacaq.
Yeni hərbi xərclərlə bağlı rəsmi qərar isə iyunun sonunda Haaqa sammitində qəbul ediləcək.