BAKI, 23 aprel. TELEQRAF

Fransa və Britaniya rəhbərliyi Ukraynanın bəzi ərazilərinin Rusiya tərkibinə keçməsini qəbul etməyə hazır olduqlarını bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri hər iki ölkənin diplomatik dairələrindəki mənbələrə istinadla məlumat yayıb.

Rəsmi London və Paris hesab edir ki, əgər Ukrayna belə bir razılaşmaya getsə, bunun müqabilində ölkəyə gələcək təhlükəsizliyinə dair güclü zəmanətlər və iqtisadi inkişaf üçün dəstək təqdim olunmalıdır.

Eyni zamanda, hər iki ölkənin Kiyevin bu ərazilərin itirilməsini yalnız de-fakto tanımasını, yəni faktiki vəziyyətin hüquqi sənədlərlə rəsmiləşdirilmədən qəbul edilməsini üstün tutduqları bildirilib.

Nümunə kimi isə, 1950 - 1953-cü illərdə Koreya müharibəsinə son qoyan Şimali və Cənubi Koreya arasındakı atəşkəs razılaşması göstərilir.

Nəşr qeyd edir ki, Ukraynanın rəsmi olaraq ərazi itkisini tanıması Kiyev hakimiyyətində və Avropadakı müttəfiq hökumətlərdə ciddi narahatlıq yaradıb.

Bundan başqa, belə bir addımı həyata keçirmək üçün Ukraynada ciddi siyasi və hüquqi maneələrin aşılması tələb olunur.