BAKI, 21 aprel. TELEQRAF

Böyük Britaniya partlayıcı maddələrin və 155 mm-lik top mərmilərinin istehsalını əhəmiyyətli dərəcədə artıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniyada 155 mm-lik mərmilərin yeganə istehsalçısı olan hərbi sənaye şirkəti "BAE Systems" əvvəllər "RDX" (heksogen) partlayıcılarını ABŞ və Fransadan alırdı. Ancaq şirkət ABŞ Prezidenti Donald Trampın siyasətini nəzərə alaraq, Amerika partlayıcılarını almaqdan imtina etmək qərarına gəlib.

Bundan sonra "BAE Systems" "RDX"i sursatlarını təkbaşına istehsal edəcək və növbəti iki il ərzində mərmi istehsalını 16 dəfə artıracaq.

“The Times” qeyd edir ki, britaniyalı istehsalçı Amerika komponentləri və ya materiallarından sursat istehsalında istifadə etməyəcək.