BAKI, 10 aprel. TELEQRAF

Səfirliklərin işinin normallaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında İstanbulda keçirilən məsləhətləşmələr başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqlar təxminən 6 saat davam edib.

Görüşlə bağlı mətbuata açıqlama verilməyib.

Danışıqların yekunlaşdığını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da təsdiqləyib.

***

11:36

Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşü bir neçə saat davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a danışıqlar prosesinə yaxın mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, görüş əhatəli olacaq, lakin fevralın 27-də baş tutan əvvəlki raund qədər uzun çəkməyəcək.

Xatırladaq ki, Rusiya və ABŞ arasında diplomatik münasibətlərin normallaşdırılması üzrə keçirilən əvvəlki danışıqlar raundu altı saatdan çox davam edib.

***

11:08

Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ diplomatik münasibətlərinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci raundu başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya nümayəndə heyətinin rəhbəri Vaşinqtondakı səfir Aleksandr Darçiyevdir.

ABŞ tərəfini isə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil edir.

Görüş zamanı Rusiya ABŞ tərəfindən müsadirə olunan diplomatik əmlakın geri qaytarılması məsələsini qaldıracaq və iki ölkə arasında birbaşa aviareyslərin bərpası məsələsini gündəmə gətirəcək.

Qeyd edək ki, Rusiya və ABŞ arasında məsləhətləşmələrin birinci raundu fevralın 27-də İstanbulda keçirilib.