BAKI, 4 aprel. TELEQRAF

Kanadanın xarici işlər naziri Melani Coli ABŞ Prezidenti Donald Trampın ticarət sahəsində atdığı addımlara görə Kanadanın və Avropa İttifaqı ölkələrinin Vaşinqtonla münasibətlərinin kəskin şəkildə dəyişdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, XİN rəhbəri bu barədə NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında bildirib.

"Biz anlayırıq ki, münasibətlər artıq heç vaxt əvvəlki kimi olmayacaq. Avropalılara da bunu demək istəyirəm, ABŞ ilə münasibətlər əvvəlki kimi qalmayacaq. Onlar məsələləri fərqli şəkildə həll etmək istəyirlər və biz bunu anlayırıq. Buna görə də biz ABŞ ilə həm ticarət, həm də təhlükəsizlik sahəsində razılığa gəlməyə çalışacağıq. Bu iki məsələ bir-birindən ayrı qala bilməz", - Coli vurğulayıb.

Nazirin sözlərinə görə, Tramp gücə hörmət edir və Kanada gömrük tariflərinə qarşı addımlar atmağı ən doğru strategiya hesab edir: "Biz inanırıq ki, tariflərə cavab tədbirləri əlverişli razılaşmaya nail olmağın ən yaxşı yoludur".