BAKI, 17 mart. TELEQRAF

Böyük Britaniya Suriyaya 160 milyon funt-sterlinqə qədər (207,8 milyon dollar) yardım edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Böyük Britaniya hökuməti Suriyada sabitliyə kömək etmək üçün 160 milyon funt-sterlinqə qədər yardım vəd edib", - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi qeyd edir ki, vəsait sakinlərin su, qida, tibbi xidmət və təhsillə təmin edilməsi üçün ayrılıb.

Açıqlamada deyilir ki, yardım milyonlarla suriyalıya normal həyata qayıtmaq üçün həyati dəstək verəcək.

2024-cü il dekabrın 8-də Suriya müxalifətinin silahlı birləşmələri Dəməşqə daxil olub. Bəşər Əsəd təzyiqlər qarşısında Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa yanvarın 29-da keçid dövrü ərzində Suriyanın prezidenti elan edilib.