“Putin səhhəti ilə bağlı ciddi problemlərin olduğunu anlayarsa, özünə varis seçməyə tələsəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya liderinin səhhəti ilə bağlı yayılan xəbərlərə diqqət çəkib:

“Qərb ölkələrinin və Ukraynanın kəşfiyyat strukturları tez-tez belə xəbərlər yayırlar ki, Rusiya Prezidenti Vladimir Putin ağır xəstəliyə düçar olub və yaxın müddətdə həyatıyla vidalaşacaq. Əlbəttə, bu xəbərlərin yayılması işğalçı dövlətin hakim strukturları içərisində təfriqə yaratmaq məqsədilə aparılan psixoloji savaşın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Ancaq hesab edək ki, yayılan xəbərlər həqiqətə uyğundur, bu halda hadisələr necə inkişaf edəcək, kobud desək, Rusiya prezidenti vəfat edərsə, bunun Ukraynadakı müharibəyə hər hansı təsiri olacaqmı?

Putin səhhəti ilə bağlı ciddi problemlərin olduğunu anlayarsa, özünə varis seçməyə tələsəcək. Elə bir varis seçmək istəyəcək ki, Ukrayna ilə müharibəni davam etdirsin. Ancaq Putinin problemi ondadır ki, Ukraynaya qarşı işğalçı müharibəni şəxsi intiqam hissi ilə başlayıb.

Rusiya hakimiyyətindəki ən mühafizəkar siyasətçilərdən biri belə Putinin yerinə keçərsə, onun qədər müharibəni əzmlə davam etdirə bilməyəcək. Çünki Rusiya cəmiyyətinin böyük hissəsi Putinin müharibəsinə dəstəyini davam etdirirsə, bu o demək deyil ki, yeni Kreml sahibinin də müharibə strategiyasını dəstəkləyəcək. Həmin şəxs Rusiya cəmiyyətində Putin qədər məşhur olmayacaq”.

Elxan Şahinoğlu hesab edir ki, Kremldəki məcburi yerdəyişmə Ukrayna ordusunu daha böyük əks-hücumlara həvəsləndirəcək:

“Ona görə də böyük ehtimalla Putinin yerinə gələn istənilən şəxs bir müddətdən sonra Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Ancaq Ukrayna üçün bu azdır, Kremlin yeni sahibinin qarşısına işğal edilən torpaqları, o cümlədən Krımı tərk etmək tələbi qoyulacaq”.