BAKI, 9 iyun. TELEQRAF

Türkiyənin Antalya şəhərindəki dünya çempionatı zamanı bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının (AMTF) prezidenti Araz Musayevin Teleqraf-a müsahibəsində səsləndirdiyi ittihamlara Azərbaycan Kikboksinq Federasiyası (AKF) prezidentinin müşaviri Afət Quliyeva cavab verib.

AKF rəsmisi Teleqraf-a müsahibəsində iki qurum arasındakı münaqişənin tarixi və dünya çempionatındakı hadisə ilə əlaqədar təmsil etdiyi qurumun növqeyini açıqlayıb:

- Necə oldu ki, Türkiyənin Antalya şəhərindəki dünya çempionatına Gənclər və İdman Nazirliyi məhz sizin idmançılarınızı ezam etdi?

- Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası 2008-ci ildə AKF və AMTF olmaqla, iki yerə ayrılıb. Eləcə də həmin ildə AKF-nin prezidenti Adil Əliyev, AMTF-nin prezidenti isə Azər Həsənsoy seçilib. 2020-ci ildə Adil Əliyev Milli Məclisin sədr müavini seçilməsi ilə əlaqədar AKF prezidenti vəzifəsindən istefa verib, federasiyanın İdarə Heyətinin üzvü olaraq davam edib. AKF prezidenti vəzifəsinə Orxan Əliyev seçilib və İdarə Heyəti yenidən formalaşıb. AKF Gənclər və İdman Nazirliyi tərəfindən akreditasiya olunub, hazırda sıralarında 10 mindən artıq idmançını birləşdirir. Nazirliyin 2024-cü il tarixli Kollegiya Qərarına əsasən, AMTF akreditasiyadan keçməyib.

Nazirlik Kollegiyasının 16 dekabr 2024-cü il tarixli 38 nömrəli Qərarına əsasən muay tay idman növü və onun fənləri AKF-nin fəaliyyət istiqamətlərinə aid edilib. Nazirliyin 25 yanvar 2025-ci il tarixli, 3-19/2-381/2025 saylı məktubu ilə muay-tay idman növünün inkişafı AKF-yə həvalə olunub. Bu il fevralın 28-də “Azərbaycan Kikboksinq Federasiyası” İctimai Birliyinin iclası keçirilib, federasiyanın Nizamnaməsinin 2.2-ci bəndinə sözügedən əlavələr olunub və sənədlər müvafiq qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilib. May ayında Antalya şəhərində keçirilən muay tay üzrə dünya çempionatında iştirak etmək məqsədilə AKF tabeliyindəki idmançılar Türkiyəyə ezam olunublar. Muay tay üzrə dünya çempionatında iştirak edən kikboksçularımız Azərbaycan Gənclər və İdman Nazirliyinin və IFMA-nın (Beynəlxalq Muay Tay Federasiyası) razılığı ilə yarışda iştirak ediblər. Hər hansı yarışda iştirak etməmələri kimi məsələdən söz gedə bilməz. Hazırda AKF prezidenti Orxan Əliyevdir. Adil Əliyevlə federasiya arasında heç bir əlaqə yoxdur.

- Araz Musayev 9 qat dünya çempionu olduğunu və bu nəticələrinin Gənclər və İdman Nazirliyinə təqdim olunan sənədlərdə əksini tapdığını bildirir...

- AKF-in verdiyi arayışdan görünür ki, Araz Musayevin idmançı olaraq təqdim etdiyi nailiyyətlər həqiqəti əks etdirmir, göstərdiyi nəticələr doğru deyil. Bunu WAKO-nin texniki direktoru Romeo Desanın göndərdiyi arayış da təsdiqləyir. Federasiyamızın fəaliyyəti dövründə 14 nəfər dünya çempionu adına layiq görülüb. Bu idmançıların arasında Araz Musayevin adı yoxdur. Çempionlarımızın hər biri WAKO-nun (Ümumdünya Həvəskar Kikboksinq Təşkilatı) təşkil etdiyi yarışlarda çempion olublar. WAKO "Sport Accord" tərəfindən yeganə rəsmi kikboksinq təşkilatı olmaqla yanaşı, GAISF (Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyası) və IOC (Beynəlxalq Olimpiya Komitəsi) kimi idman təşkilatlarının tanıdığı, 120 ölkədən çox üzvü olan kikboksinq üzrə ən nüfuzlu təşkilatdır.

- Araz Musayev müsahibəsində Eduard Məmmədovun da özünü 28 qat dünya çempionu kimi təqdim etdiyini bildirir. Məmmədov WAKO versiyası üzrə bu neçə dəfə dünya çempionu olduğu halda, niyə imkan verirsiniz ki, özünü 28 qat dünya çempionu kimi təqdim etsin?

- Eduard Məmmədov veteranlar üzrə də fərqli-fərqli versiyalarda çempion olub, əlavə məlumat üçün özü ilə, zəhmət olmasa, dəqiqləşdirin.

- Qarşı tərəf iddia edir ki, mayın 19-dan onu izləyiblər, Antalyada ev tutublar, bununla bağlı kadrlar, videolar var...

- Bu məsələlərin bizə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Ölkəmizin idmançısı olub, nəyə görə ona qarşı kimsə belə bir addım atıb, istintaq mütləq üzə çıxaracaq. Təqsirkarların ən ədalətli şəkildə cəzalanmasını, bir daha belə halların baş verməməsini arzulayır, Araz Musayevə Allahdan şəfa diləyirik.

- Araz Musayev üzləşdiyi hadisənin təsadüfi yox, planlaşdırılmış olduğunu açıqlayıb. Onun sözlərinə görə, təsadüfən Rusiyadan, məhz mayın 19-da gəlmirlər, təsadüfən onu fotolarla izləmirlər, təsadüfən bıçaqlamırlar. Təsadüfən Elşən Abdulrəhimov və Azər Həsənsoy yarışlara gəlmir, təsadüfən AKF-in idmançılarını yarışa yollamırlar və s...

- Onun dediklərinin hamısı cəfəngiyyatdır. İstintaq yekunlaşmayıb, Türkiyə məhkəməsi hər şeyi ən incə detallarına qədər araşdıracaq. Elşən Abdulrəhmanov təkcə Türkiyəyə yox, ABŞ-a qədər idmançı aparıb, 30 ildir məşqçilik edir. Bu günə kimi belə bir şey olmayıb. Eləcə də, qeyd olunanlarla bağlı bildirmək istəyirik ki, çəkilən videolarda, yazılan şərhlərdə əsassız olaraq bildirilir ki, AKF idmançılarının builki dünya çempionatına gedişi zamanı mübahisə yaranıb. İlk növbədə qeyd edək ki, bizim çempionatda iştirakımız nazirliyin müvafiq tapşırığına əsasən həyata keçirilib. Yaranmış mübahisəyə gəldikdə, hər kəs yaxşı bilir ki, 2024-cü il dünya çempionatı zamanı da Araz Musayevlə millinin baş məşqçisi Fəxri Əliyev arasında böyük mübahisə yaranıb. Nəticədə, aralarında düşən dava səbəbindən və bu 2 şəxsin yumruqlaşmasına görə ölkəmizin idman nüfuzu beynəlxalq arenada zədələnib.

- Araz Musayev deyir ki, Adil Əliyev 7-8 ay öncə onu görüşə çağıraraq, AMTF-nin onun olacağını bildirib. Bu, doğrudurmu?

- Azərbaycan Kikboksinq Federasiyası ilə bağlı görüşləri federasiyanın prezidenti Orxan Əliyev keçirir. Adil Əliyev federasiyanın idarə olunmasında, hansısa qurumların birləşməsi kimi məsələlərdə iştirak etmir. Bu baxımdan, iddia olunan belə bir görüş keçirilə bilməzdi. Eləcə də federasiyaların birləşməsi istəklə bağlı olan məsələ deyil, Gənclər və İdman Nazirliyinin kollegiya Qərarı ilə AMTF akkreditasiyadan keçməyib, daha sonra bu idman növünün inkişafı AKF-yə həvalə olunub. Akkreditasiya olunmamaqla bağlı keçmiş AMTF-ə məlumat verilib, bu idman növünün inkişafının AKF-yə həvalə olunması bildirilib. Lakin Araz Musayev qeyd olunanları qəbul etməyib, əsassız ittihamlarla çıxış etməyə başlayıb. AKF prezidenti Orxan Əliyev Araz Musayevlə görüşüb. Ona bu idman növünün gələcək inkişafı barədə birgə fikir mübadiləsi etmək istədiklərini bildirib. Eləcə də o, idmançılarla müştərək görüşlərin təşkili, gələcək yarışlarda birgə iştirak məsələsinin müzakirəsi üçün dəvət olunub. Araz Musayev isə nazirliyin sözügedən qərarını tanımadığını, muay tay idman növünün inkişafı ilə özünün şəxsən məşğul olduğunu, bu qərarları qəbul etmədiyini bildirib. Eləcə də AMTF prezidenti Azər Həsənsoyla aralarında məhkəmə çəkişməsi olmasını diqqətə çatdırıb. Görüşdə Orxan Əliyevlə birlikdə Federasiyanın İdarə Heyətinin üzvləri də iştirak ediblər.

- O, həmçinin bildirir ki, dünya çempionatına AKF-nin göndərdiyi 10-dək idmançıya Antalyada dəstək verib, onun təbiri ilə desək, “qanadı altına alıb”…

- (gülür - red.) AKF prezidentinə nə gəlib ki, Araz Musayev kikboksçuları qanadı altına alsın. Elşən Abdulrəhimov dünya çempionatına özbaşına getməyib, nazirliyin qərarı var ki, muay tay AKF-yə birləşdirilsin. Orxan Əliyev yarışda iştirak etməyib. Federasiyamızı baş məşqçi Elşən Abdulrəhimov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmsil edib.

- Bəs Azər Həsənsoy yarışa hansı statusla yollanmışdı?

- Azər müəllimlə bağlı sualınızı Azərbaycan Uşu-Sanda Federasiyasına yönləndirməyinizi xahiş edirəm. Bir daha qeyd edirəm ki, ölkədə gənclər və idman siyasətini müəyyən edən qurum, yəni Azərbaycan Gənclər və İdman Nazirliyi, muay tay idman növünün və onun fənlərinin inkişafını 2024-cü ilin dekabrından AKF-yə həvalə edib. Bütün sənədləşmə işləri də cari ilin fevral ayında yekunlaşıb. Belə olan halda Araz Musayevin səsləndirdiyi fikirlər reallıqdan tamamilə uzaqdır. Yekunda isə Araz Musayevə qarşı bu addımın atılmasını qətiyyətlə qınayır, bir daha belə halların baş verməməsini arzu edirik. Ona bir daha şəfa arzulayırıq. Ümid edirik ki, istintaqın gedişində bütün suallara cavab tapılacaq.