BAKI, 30 iyun. TELEQRAF

“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin alimlərinin, müftilərinin, nüfuzlu din alimlərinin iştirakı ilə bütün türk dünyası üçün müasir dini və sosial məsələləri əhatə edən, bu günün təcili dini suallarına cavab verə bilən vahid elmi və təhsil vəsaiti yaratmağı təklif edirəm. Həmçinin "Türk dünyası alimləri" ensiklopedik kitabının hazırlanması da məqsədəuyğun olardı”.

Teleqraf xəbər verir ki, bu fikirləri Şuşada keçirilən TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev səsləndirib.

Komitə sədri qeyd edib ki, bu cür fundamental əsərlər humanizm, tolerantlıq və İslamın maarifləndirilməsi prinsiplərinə əsaslanan ortaq yanaşmamızın formalaşmasına, böyük alimlərimizin zəngin tarixinin və birgə nailiyyətlərinin öyrənilməsinə xidmət edir:

“Ən əsası, onlar əhalimiz və gənclərimiz arasında dağıdıcı ideyalara qarşı mübarizədə ideoloji immuniteti gücləndirir və etibarlı bilik mənbəyinə çevrilir.

Ortaq tariximizdən məlumdur ki, İslamın bir elm kimi geniş yayılmasında düşüncəli alimlərimizin xidmətləri ölçüyəgəlməzdir. Onlar İslam sivilizasiyasının formalaşmasına və inkişafına xüsusi töhfələr veriblər”.