BAKI, 30 iyun. TELEQRAF

Məhkəmə-tibbi ekspertlər tərəfindən indiyədək 454 şəxsə aid olduğu müəyyən edilən sümük qalıqları üzərində müayinələr aparılıb və genetik analiz üçün bioloji nümunələr götürülüb.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Bakıda keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, ekspertiza zamanı sümük qalıqlarının insana məxsus olub-olmaması, neçə nəfərə aid olması, cinsi, yaşı, boyu, ölüm səbəbi, ölümün başvermə mexanizmi və vaxtı, həmçinin travma izləri müəyyən edilir:

“Araşdırmalar zamanı şəxsin sağlığında keçirdiyi bəzi xəstəliklərin sümük toxumasında qalan izləri də öyrənilir və bütün nəticələr əsasında məhkəmə-tibbi ekspertiza rəyi hazırlanaraq istintaq orqanına təqdim olunur”.

Direktor bildirib ki, indiyədək 454 şəxsə aid sümük qalıqları üzərində aparılan ekspertiza zamanı sümük və diş nümunələri götürülərək şəxsiyyətin DNT əsasında identifikasiyası üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Genetik Araşdırmalar Mərkəzinə göndərilib.