BAKI, 23 iyun. TELEQRAF
Azərbaycanda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı məktəbləri bitirən gizir və miçmanlar üçün ilk hərbi müqavilə (bağlaşma) müddəti 5 ildən 10 ilə qaldırılıb.
Teleqraf xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Dəyişikliyə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar ordu ilə ilk dəfə 5 illik deyil, birbaşa 10 illik müqavilə bağlayacaqlar. Digər gizir və miçmanlar üçün isə bu müddət əvvəlki kimi, yəni 5 il olaraq qalır.
Bundan başqa, sənədlə ehtiyatdan hərbi xidmətə könüllü qayıtmaq istəyən şəxslərin kateqoriyaları dəqiqləşdirilib. Belə ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar da müqavilə əsasında yenidən xidmətə qəbul edilə biləcəklər. Ehtiyatda olan digər hərbi vəzifəlilərin çərçivəsi isə ehtiyatda olan əsgərlər, matroslar və çavuşlar kimi müəyyən olunub.