BAKI, 23 iyun. TELEQRAF
Azərbaycanda qaz təchizatı sisteminin fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiqlənib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və əvvəlki normativ sənədin ləğv olunması barədə qərar imzalayıb.
Qərara əsasən, qaz təchizatı sisteminin fəaliyyəti yeni qaydalar əsasında tənzimlənəcək. Eyni zamanda, tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihələrinin verilməsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Sənədə görə, Elektron Hökumət İnformasiya Sistemi üzərindən göstərilməsi nəzərdə tutulan xidmətlərin texniki imkanları tam formalaşana qədər müvafiq prosedurlar birbaşa müraciət, poçt və ya elektron poçt vasitəsilə icra olunacaq.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında qərarı ləğv edilib.
Yeni qaydalar “Qaz təchizatı haqqında” qanunun tətbiqinin təmin olunması məqsədilə qəbul edilib.