BAKI, 19 iyun. TELEQRAF

Azərbaycanda sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənilən vəsaitin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq.

Prezident İlham Əliyev bununla bağlı “Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.

Qaydaya əsasən, sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarların elektrik şəbəkəsinə qoşulma üçün ödədikləri məbləğin 50 faizi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.

Subsidiya yalnız müəyyən edilmiş sahələr üzrə tikinti obyektlərinə şamil olunacaq. Siyahıya bitkiçilik və heyvandarlıq, balıqçılıq, qida və içki istehsalı, kimya, əczaçılıq, metallurgiya, maşınqayırma, elektronika, mebel və digər sənaye sahələri daxil edilib.

Sənədə əsasən, subsidiyanın alınması üçün sahibkar İqtisadiyyat Nazirliyinə müraciət etməlidir. Müraciətə elektrik şəbəkəsinə qoşulma üçün ödəniş edildiyini təsdiqləyən sənədlər əlavə olunmalıdır.

Nazirlik müraciətə baxdıqdan sonra 7 iş günü ərzində subsidiya verilməsi və ya imtina barədə qərar qəbul edəcək. Müsbət qərar verildikdə, subsidiya məbləği sahibkarın bank hesabına köçürüləcək.