BAKI, 12 sentyabr. TELEQRAF

"Ceyranbatan su anbarına axıdılan çirkan su ilə bağlı məlumat yayılmışdı".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Razi Nurullayev deyib.

“Amma sonradan bu məsələnin necə həll olunduğu haqqında heç bir məlumat verilmədi. Bu məsələ həqiqət idi ya yalan, bunu niyə araşdırmadılar?” - deyə o, qeyd edib.

Deputat bildirib ki, regionlarda yetişdirilən kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı problemlər var: “İnsanlar öz evlərində hazırladıqları məhsulları azad şəkildə satmalıdır. Çünki bu gün biz də restoranda əyləşəndə deyirik ki, orqanik, təmiz, kənd məhsulu gətir. Amma kəndli öz məhsulunu gətirib ora sata bilmir. Ona görə də bu sahədə vacib işlər görülməlidir. Həmçinin balın satışı ilə bağlı məsələ diqqətdə olmalıdır”.

Razi Nurullayev komitə üzvü kimi onu dövlət tədbirlərinə dəvət etmədiklərini də söyləyib: “Sözsüz ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini kimi bundan narazıyam”.