BAKI, 19 avqust. TELEQRAF

Prezident İlham Əliyevin "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Teleqraf xəbər verir ki, yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

Qanuna əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.

Qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri və istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif qiymətləri (tariflər) bu qanunun qüvvəyə mindiyi gündən, qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.

Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.