BAKI, 21 iyul. TELEQRAF
Hərbi vəzifə və hərbi xidmət haqqında Qanunun 49.5-ci maddəsinə uyğun olaraq, həmin Qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq olunub.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Xidmətin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.
Büdcədənkənar vəsaitin Xidmətin aparatı, strukturuna daxil olan və tabeliyində olan qurumları arasında bölgüsü Xidmətin müvafiq əmri ilə rəsmiləşdiriləcək.
Büdcədənkənar vəsait hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına mütənasib əlavələrin verilməsi üzrə xərclənəcək.
Qərara əsasən, hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşına əlavənin məbləği onların aylıq vəzifə (tarif) maaşından çox olmamalıdır.
Aylıq vəzifə (tarif) maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçiriləcək.
Aylıq vəzifə (tarif) maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:
sərəncamda olduğu və əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər;
növbəti məzuniyyət istisna olmaqla “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin114-cü maddəsində nəzərdə tutulmuş digər məzuniyyətdə olduğu günlər;
hərbi qulluqçu intizam cəzası aldığı gündən intizam cəzası götürülənədək.
Büdcədənkənar vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Xidmət və Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə hesabat Xidmət tərəfindən Əsasnaməyə uyğun olaraq Maliyyə
Nazirliyinə təqdim ediləcək.