BAKI, 8 iyul. TELEQRAF

"Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi Qaydaları" təsdiq olunub.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi texniki tənzimləmənin şamil olunduğu mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki reqlamentlərin mərhələli şəkildə hazırlanması işini təşkil edəcək.

Texniki reqlamentlərin layihəsini (bundan sonra – layihə) Agentliyin müraciəti əsasında, texniki tənzimləmənin şamil olunduğu mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair dövlət siyasətini və tənzimlənməsini həyata keçirən aidiyyəti dövlət orqanları (qurumları) (bundan sonra – layihəni hazırlayan) hazırlayırlar.

Bu Qaydaların 2-ci hissəsinin müddəaları nəzərə alınmaqla, Agentlik layihəni fəaliyyət istiqamətlərinə uyğun olaraq öz təşəbbüsü ilə də hazırlaya bilər.

Layihəni hazırlayan öz təşəbbüsü ilə müvafiq sahədə texniki reqlamentlərin onun tərəfindən hazırlanmasına dair təkliflərini Agentliyə təqdim edə bilər. Agentlik layihəni hazırlayanın təklifləri daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq müvafiq sahəyə texniki tənzimləmənin şamil olunub-olunmamasını və həmin sahə üzrə texniki reqlamentin və ya onun layihəsinin mövcudluğunu təhlil edir. Hüquqi və fiziki şəxslər də müvafiq sahədə texniki reqlamentlərin onlar tərəfindən hazırlanması ilə bağlı təkliflərini layihəni hazırlamalı olan aidiyyəti dövlət orqanına (qurumuna) təqdim edə bilərlər.

Bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq müvafiq sahəyə texniki tənzimləmənin şamil olunduğu və həmin sahə üzrə texniki reqlament və ya onun layihəsinin mövcud olmadığı müəyyən edildiyi təqdirdə, Agentlik 3 (üç) iş günü müddətində həmin sahə üzrə layihənin hazırlanmasının məqsədəuyğunluğu barədə məlumatı layihəni hazırlayana təqdim edir.

Layihəni hazırlayan bu Qaydaların 2.2-ci və 2.5-ci bəndlərinə uyğun olaraq layihənin hazırlanmasının məqsədəuyğunluğu ilə bağlı məlumatı aldığı tarixdən layihəni hazırlamağa başlayır və 7 (yeddi) iş günündən gec olmayaraq layihənin hazırlanma müddəti barədə məlumatı Agentliyə təqdim edir.

Agentlik bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq müvafiq sahəyə texniki tənzimləmənin şamil olunmadığını, yaxud həmin sahə üzrə texniki reqlamentin və ya onun layihəsinin mövcudluğunu müəyyən etdiyi təqdirdə, layihənin hazırlanmasının məqsədəuyğun hesab edilmədiyi barədə əsaslandırılmış məlumatı 3 (üç) iş günü müddətində layihəni hazırlayana təqdim edir.

Dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər müvafiq sahədə texniki reqlamentlərin qəbul edilməsi ilə bağlı Agentliyə müraciət edə bilərlər. Bu halda, Agentlik həmin müraciətin daxil olduğu tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, müraciətdə göstərilən sahəyə texniki tənzimləmənin şamil olunub-olunmamasını və həmin sahə üzrə texniki reqlamentin və ya onun layihəsinin mövcudluğunu təhlil edir.

Bu Qaydaların 2.8-ci bəndinə uyğun olaraq aparılan təhlillər nəticəsində müvafiq sahəyə texniki tənzimləmənin şamil olunduğu və həmin sahə üzrə texniki reqlament və ya onun layihəsinin mövcud olmadığı müəyyən edildiyi təqdirdə, Agentlik 3 (üç) iş günü müddətində müvafiq sahədə texniki reqlament layihəsinin hazırlanması üçün aidiyyəti layihəni hazırlayana müraciət edir. Layihəni hazırlayan həmin müraciəti aldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, layihənin hazırlanma müddəti barədə məlumatı Agentliyə təqdim edir. Agentlik həmin məlumatı aldığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq, həmin layihənin hazırlanma müddəti barədə məlumatları müraciət müəllifinə təqdim edir.

Layihənin hazırlanmasına sərf olunan müddət 4 (dörd) aydan çox ola bilməz.

Layihəni hazırlayan layihəni struktur və məzmun baxımından Qanunun 8-ci maddəsinin tələblərini nəzərə almaqla hazırlayır.

Layihəni hazırlayan aşağıdakı işləri yerinə yetirir:

texniki reqlamentin ticarətdə lüzumsuz maneələrə səbəb olma ehtimalını təhlil edir;

Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini, regional, dövlətlərarası və xarici dövlətlərin texniki reqlamentlərini, standartlarını, beynəlxalq standartları və ya onun müvafiq hissələrini, texniki tənzimləmə obyektlərinə olan tələbləri müəyyənləşdirən digər normativ sənədləri təhlil edir;

layihənin razılaşdırılmalı olduğu aidiyyəti dövlət orqanlarını (qurumlarını) müəyyən edir;

müvafiq layihənin hazırlanması zərurətinin əsaslandırılmasını tərtib edir;

malı, onunla əlaqəli prosesi və istehsal metodunu təsvir edir;

texniki reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə istinad edilmiş standartların siyahısını tərtib edir;

texniki reqlamentlə müəyyən olunan əsas tələblərin siyahısını tərtib edir;

layihəni hazırlayan şəxslərin siyahısını tərtib edir.

Layihəni hazırlayan texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin yerinə yetirilməsini təmin edən standartın standartlaşdırma üzrə dövlət fondunda olmadığını müəyyən etdiyi təqdirdə, bu barədə məlumatı 2 (iki) iş günü müddətində Agentliyə təqdim edir. Bu zaman layihənin hazırlanması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət layihənin hazırlanması müddətinə daxil edilmir.