BAKI, 22 may. TELEQRAF
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılması qaydası təsdiqlənib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, reyestrin aparılmasının məqsədi tikilən, istismar edilən və ləğv edilən təhlükə potensiallı obyektləri qeydiyyata almaqla yanaşı, onların istismarına dair dövlət orqanlarını (qurumlarını) və bələdiyyələri, hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial, nümayəndəliklərini və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir.
Qayda “Texniki təhlükəsizlik haqqında” Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan ərazisində fəaliyyətdə olan təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasını və vahid dövlət reyestrinin aparılması zamanı yaranan münasibətləri tənzimləyir.
Müddəalara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkə ərazisində təhlükə potensiallı obyektləri istismar edən hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət orqanları (qurumları) tərəfindən əməl olunmalıdır.
Qeydiyyatın və reyestrin aparılmasını Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirəcək.