BAKI, 18 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında helikopter meydançası tikdirməyi düşünür.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, helikopter meydançasının tikilməsi prezidentin Cənub çəmənliyindən helikopterlə uçub-qayıtması və ya ora enməsi zamanı qazonun zədələnməsinin qarşısını almağa kömək edəcək. Qeyd edilir ki, əvvəlki VH-3D “Sea King” modelindən xeyli güclü olan yeni prezident helikopteri VH-92A qazonu zədələyə, torpağı yandıra bilər. Bu helikopter 2024-cü ildən ABŞ liderinin uçuşları üçün istifadə olunur, amma indiyədək Cənub çəmənliyinə heç vaxt enməyib.

Helikopter meydançasının tikintisi variantı VH-92A modelinin çəmənliyə təhlükəsiz enməsi üçün modifikasiya yollarının nəticəsiz qalmasından sonra nəzərdən keçirilməyə başlanıb. Bununla əlaqədar əvvəlki helikopter modeli planlaşdırıldığından daha uzun müddət istifadə olunacaq, ən azı 2027-ci ilə qədər istismardan çıxarılmayacaq.

Donald Tramp prezident iqamətgahını öz zövqünə uyğun şəkildə yenidən qurmaqla fəal məşğuldur. O, Ağ Evin Şərq qanadının yerində dəyəri 200 milyon dollardan çox olan bal zalının tikintisi təşəbbüsünü irəli sürüb, Gül bağındakı qazonun biçilməsini və həmin sahənin rəqs üçün parketlə örtülməsini tapşırıb, həmçinin bir sıra otaqların dekorunu dəyişdirib.