BAKI, 8 yanvar. TELEQRAF

İranda kütləvi etirazlar yenilənmiş güclə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə “Iran Today” Teleqram kanalında bildirilib.

Qeyd edilir ki, son günlərdə iştirakçıların sayı artmaqla yanaşı, etirazların coğrafiyası da genişlənib. İrimiqyaslı etirazlarla bağlı videolar əvvəllər oxşar fəaliyyətin müşahidə olunmadığı və ya daha passiv olduğu şəhərlərdən də yayılır.

Ümumxalq etirazlarının İranın 100-dən çox şəhərini əhatə etdiyi deyilir.

Paytaxt Tehranın təxminən 20 rayonunda da etirazlar müşahidə olunur. Etirazların ən radikal olduğu hissə ölkənin qərbidir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı hücum halları olub. Hücumlar həmçinin ictimai-inzibati obyektləri də hədəfə alıb.

Bir sıra şəhərlərdə tələbə və bazar tətilləri barədə də məlumatlar var.

Əsas şüarlar bunlardır: “Xameneiyə ölüm”, “diktatora ölüm”, “Pəhləvi qayıtmalıdır” və sairə.

Rza Pəhləvinin özü “Fox News”da söyləyib ki, müvafiq şərait yaradılan kimi İrana qayıtmağa və mövcud hakimiyyətə qarşı mübarizəyə rəhbərlik etməyə hazırdır.

İran Xarici İşlər Nazirliyi öz növbəsində ABŞ-ni ölkənin daxili işlərinə müdaxilə etməkdə, iğtişaşlar, zorakılıq və terrorizmi qızışdırmaqda günahlandırıb. Bəyanatda qeyd olunur ki, İran xalqı Vaşinqtonun İranın milli suverenliyi və müstəqilliyini sarsıtmasına imkan verməyəcək.

Nazirlik iddia edir ki, etirazları körükləyən iqtisadi çətinliklərin əhəmiyyətli hissəsi ABŞ-nin İrana qarşı sərt sanksiyaları ilə əlaqəlidir.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyutanın kəskin devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib, onun yerinə Əbdülnasir Hemmati təyin edilib.

İranın bir neçə şəhərində etirazlar polislə toqquşmalara çevrilib, mövcud dini-siyasi sistemə qarşı şüarlar səsləndirilir. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər var.