BAKI, 2 dekabr. TELEQRAF
“Hər kəsin öz şəxsi həyatını qorumaq və hökumətin müdaxiləsindən qorxmadan həyatını yaşamaq və sənətlə məşğul olmaq hüququ var”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bir neçə iranlı aktyor və məşhur rejissor Cəfər Pənahinin həbs olunması və onların ölkədən çıxışlarına iki illik qadağanın qoyulması ilə bağlı açıqlamasında bildirilib.
“Bu gün İranda hökumətin yaxın çevrəsindən kənarda heç kim hökumətin müdaxiləsindən təhlükəsiz deyil, hətta hakimiyyətdəkilər dəbdəbəli partilərindən həzz alarkən, bu, onların “dəyərlərə riayət” adlandırdıqlarının arxasındakı riyakarlığı ifşa edir”, - açıqlamada qeyd edilib.
ABŞ Dövlət Departamentinin fikrincə, rejimin repressiya, həbs və təhdidləri İranda fundamental insan hüquqlarını kobud şəkildə pozur: “Hakimiyyət İslam dəyərlərini müdafiə etdiyini iddia etsə də, onun əsl məqsədi cəmiyyət üzərində mütləq nəzarətdir”.
Departament həbs edilənlərin hamısını dərhal azad etməyə çağırıb.
“Bu çirkin müdaxilələrə son qoymaq üçün İran xalqının yanındayıq”, - ABŞ-nin xarici siyasət qurumu əlavə edib.
Xatırladaq ki, Tehran İnqilab Məhkəməsi bundan əvvəl Cəfər Pənahini “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzası, iki il müddətinə ölkədən çıxış qadağasına, həmçinin siyasi-ictimai qruplara üzvlük qadağasına məhkum edib. Qərar rejissorun çəkdiyi “Sadə bir qəza” filmi ilə əlaqəlidir. Film İranda məcburi hicab siyasətinə etiraz ruhunda çəkilib.
Cəfər Pənahi hazırda xaricdə yaşayır.