BAKI, 19 noyabr. TELEQRAF
“Hicaba riayət etmək dövlət qurumlarından başlamalıdır”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Dövlət və hökumət qurumları iffət və hicab sahəsində milli qanun və normalara riayət etməlidirlər. İffət və hicab dövlət qurumlarının daxilindən və bu qurumların rəhbərləri və əməkdaşlarından başlamalıdır. Radio-Televiziya Təşkilatı da proqram, film və seriallarda mədəni dəyərlərin qorunması və iffətin düzgün modelinin təbliğinə xüsusi diqqət yetirməlidir”, - o bildirib.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozmaqda ittiham edilərək polis tərəfindən öldürülməsindən sonra İranda hicab əleyhinə etiraz aksiyaları başlayıb və iki ilə yaxın davam edib. Bundan sonra məcburi hicabın ləğvi gündəmə gəlib, paytaxt Tehran və bir sıra digər iri şəhərlərdə hicabsızlaşma prosesi başlasa da, dini rejim hələ də tətbiq etmədiyi “Hicab və iffət” adlı qanun qəbul edib. Cəhd ölkədə etirazları bir qədər də sərtləşdirib. Bu günlərdə Tehran və bəzi şəhərlərdə hicabsız dolaşan qadınların görüntüləri gündəmdədir. Dini-siyasi rejimin nümayəndələri bu fonda hicab qaydalarını sərtləşdirən “Hicab və iffət” qanununun tətbiqini gündəmə gətirirlər.