BAKI, 13 noyabr. TELEQRAF

“Bu gün hicab iranlı qadınların islami kimliyinin əsas sipəri kimi hədəfə alınmış vəziyyətdədir və əgər bu sipər dağılsa, digər mədəni və dəyərlər sahələri də tədricən dağılacaq”.

Teleqraf xəbər verir ki, bu barədə İranın Ali dini rəhbəri Əli Xameneiyə yaxınlığı ilə tanınan “Keyhan” qəzeti yazıb.

“Bu gün İran cəmiyyətini narahat edən çirkin və xoşagəlməz hadisə, pislənməsi vacib olan hicabsızlıq (başörtüyündən imtina) fenomenidir və təəssüf ki, hər gün onun yeni formaları ilə qarşılaşırıq. Ölkədəki bu siyasi qarışıqlıqlar fonunda, bu möhkəm sipərin qorunması bu gün hər zamankindən daha çox zəruridir”, - nəşr bildirib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozmaqda ittiham edilərək polis tərəfindən öldürülməsindən sonra İranda hicab əleyhinə etiraz aksiyaları başlayıb və iki ilə yaxın davam edib. Bundan sonra məcburi hicabın ləğvi gündəmə gəlib, paytaxt Tehran və bir sıra digər iri şəhərlərdə hicabsızlaşma prosesi başlasa da, dini rejim hələ də tətbiq etmədiyi “Hicab və iffət” adlı qanun qəbul edib. Cəhd ölkədə etirazları bir qədər də sərtləşdirib. Bu günlərdə Tehran və bəzi şəhərlərdə hicabsız dolaşan qadınların görüntüləri gündəmdədir. Dini-siyasi rejimin nümayəndələri bu fonda hicab qaydalarını sərtləşdirən “Hicab və iffət” qanununun tətbiqini gündəmə gətirirlər.