BAKI, 20 sentyabr. TELEQRAF

“Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyası Suriya ordusuna inteqrasiya olunmasa, Türkiyə dekabrdan sonra onlara qarşı hərbi əməliyyata başlaya bilər.

Teleqraf xəbər verir ki, bu bəyanatla Suriya Prezidenti Əhməd əl-Şəraa çıxış edib.

Suriya lideri bildirib ki, əgər SDQ ilə razılaşma həyata keçirilməsə, Türkiyə hərbi metoda əl ata bilər. O xatırladıb ki, 10 mart danışıqları nəticəsində kürd birləşmələrinin Suriya təhlükəsizlik qüvvələrinin tərkibinə daxil olması barədə razılaşma imzalanıb. Lakin “SDQ-dəki bəzi qüvvələr razılaşmanın həyata keçirilməsini sabotaj edib və prosesi ləngidiblər".

Əl-Şəraa vurğulayıb ki, "Suriyanın şimal-şərqində SDQ ilə bağlı vəziyyət təkcə Türkiyə üçün deyil, həm də İraq üçün milli təhlükəsizliyə təhdid yaradır".

“Dəməşq hələlik Ankaranı SDQ-yə qarşı hərbi əməliyyatdan çəkinməyə inandıra bilib. Lakin əgər dekabr ayınadək inteqrasiya əldə edilməsə, Türkiyə hərbi tədbirlər görə bilər”, - o bildirib.

Dövlətin başçısı həmçinin qeyd edib ki, "Suriyada kürdlərin hüquqlarının qorunması və bərabərliyinin təmin edilməsi" onun üçün "əsas prinsipdir".

"Kürdlərin hüquqları məni başqalarından daha çox narahat edir", - əl-Şəraa əlavə edib.