BAKI, 16 sentyabr. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS Hərəkatını məğlub etmək məqsədi ilə Qəzza şəhərinə kütləvi hücumun başladığını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə “Ynet” portalı baş nazirə istinadla məlumat yayıb.
“Qəzzada intensiv əməliyyata başladıq”, - Netanyahu qeyd edib.
İsrail müdafiə naziri İsrael Kats da bundan əvvəl Qəzza şəhərində hücum əməliyyatının intensiv mərhələsinin başlandığını açıqlayıb. Onun sözlərinə görə, İsrail HƏMAS-ı məğlub etmək üzrə üzərinə düşən vəzifələri yerinə yetirməyincə dayanmayacaq.
“Qəzza yanır. İsrail Müdafiə Qüvvələri terror infrastrukturuna dəmir yumruqla zərbələr endirir, əsgərlərimiz girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti üçün şərait yaratmaq üçün cəsarətlə döyüşür. Tapşırıq yerinə yetirilənə qədər geri çəkilməyəcəyik”, - Kats vurğulayıb.
Yerli KİV intensiv hücumda məqsədin Qəzza şəhəri üzərində tam nəzarəti ələ keçirmək olduğunu yazıb.