BAKI, 26 avqust. TELEQRAF
“Livan hökuməti avqustun 31-də “Hizbullah”ı tərksilah olmağa razı sala biləcək plan təqdim edəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Suriya və Livan üzrə xüsusi nümayəndəsi Tomas Barak deyib.
Diplomat Livan Prezidenti Cozef Aunla Beyrutda görüşdükdən sonra bildirib ki, Livanın təklifi hərbi xarakter daşımayacaq, İsrail də bundan sonra öz təkliflərini verəcək.
“Hizbullah” İsrailə qarşı silahlanmamalıdır”, - Barak əlavə edib.
ABŞ nümayəndəsi “Hizbullah”ın əsas maliyyə mənbəyinin İran olduğunu təsdiqləyib.
Xatırladaq ki, bu ayın əvvəlində Livan Nazirlər Kabineti “Hizbullah” və digər silahlı qruplaşmaları tərksilah etmək barədə qərar qəbul edib. “Hizbullah” 2024-cü ilin sonlarında Livanda geniş dağıntılara səbəb olan İsraillə müharibədən sonra tərksilahla bağlı çağırışları rədd edib.
Noyabrda Livan və İsrail arasında ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs münaqişənin bu mərhələsinə son qoyub. Atəşkəs Livana ölkə daxilində bütün qanunsuz silahları müsadirə etmək çağırışı və İsrailin Livan hədəflərinə hücumlarını dayandırmasını da əhatə edib.