BAKI, 11 avqust. TELEQRAF

İsrailin hərbi kampaniyası Tehranın nüvə proqramını bir neçə il geri atıb.

Teleqraf xəbər verir ki, bu barədə mətbuat konfransında çıxışı zamanı İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

"Biz çox ciddi zərər vurduq, onları bir neçə il geri saldıq. Neçə il olduğu barədə mübahisə etmək olar, amma onları nüvə silahı əldə etməkdən cəmi bir neçə ay ayırırdı. İndi isə bu tarix ertələnib", - o deyib.

Bununla belə, Netanyahu İranın nüvə obyektlərini yenidən qurmağa çalışacağını qeyd edib.

"Mən əvvəllər də demişəm. Bu, bədənindən xərçəng xəstəliyi çıxarılan bir insana bənzəyir. Əgər xəstəlik çıxarılan bədəndə metastazlar varsa, o, geri qayıda bilər. Amma bu xərçəngi çıxarmasaydıq, öləcəkdik. Beləliklə, biz onu çıxardıq. Bu, bizi tam sayıq qalmağa məcbur edir. Biz hər bir ssenariyə hazırıq. İranlılar da müxtəlif ssenarilər hazırlayırlar - mən burada təfərrüatları açıqlamaq istəmirəm”, - o fikrini tamamlayıb.