BAKI, 31 iyul. TELEQRAF
“Şimali Kipr (Şimali Kipr Türk Cümhuriyyəti -red.) İsrail üçün təhlükəsizlik probleminə çevrilib”.
Teleqraf xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, İsrail Yunanıstan və Cənubi Kiprlə əməkdaşlıq edərək bölgə üçün fövqəladə vəziyyət planı hazırlamalıdır.
İsrail nəşrinin fikrincə, belə bir əməliyyat Türkiyəni zərərsizləşdirəcək.
Analizdə Türkiyənin adadakı hərbi qüvvələri və fəaliyyətləri geniş şəkildə təhlil edilib:
“Şimali Kiprin ələ keçirilməsi İsrailin nə vəzifəsi, nə də arzusudur. Amma bölgədən gələn təhlükə kritik həddə çatarsa, İsrailin strateji mövqeyi dəyişməlidir. İsrail Yunanıstan və (Cənubi) Kiprlə koordinasiyalı şəkildə adanın şimal hissəsini azad etmək üçün təcili əməliyyat hazırlamalıdır.
Belə bir əməliyyat Türkiyənin materikdən gələn əlavə qüvvələrini zərərsizləşdirəcək, Şimali Kiprdə hava hücumundan müdafiə sistemlərini, kəşfiyyat və komanda mərkəzlərini məhv edəcək və nəticədə türk qüvvələrini oradan çıxaracaq və Kiprin beynəlxalq səviyyədə tanınmış suverenliyini bərpa edəcək”.
Nəşr əlavə edib ki, bu fövqəladə hal planı yunan dəniz tanrısının adına uyğun olaraq “Poseydonun qəzəbi” adlandırıla bilər:
“Bu ad İsrailin strateji dəniz aktivlərinin qorunmasına və regional təhlükəsizlik üçün vacib olan açıq dəniz zolaqlarının qorunmasına fokuslandığını vurğulayır. Bu, fövqəladə hallar planı olaraq qalacaq: İsrail münaqişəyə can atmır, amma buna tam hazır olmalıdır. İsrailin İranın nüvə infrastrukturuna hücumu, əvvəllər çox az ehtimal edilən ssenari olsa da, nəhayət, həyata keçirildi. Aralıq dənizi sahilində “Akkuyu” atom elektrik stansiyası tikən Türkiyə bundan dərs almalıdır”.