BAKI, 30 iyun. TELEQRAF
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff Konqres üzvləri ilə görüşdə bəyan edib ki, İranın yeganə metalın çevrilməsi obyekti məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya”ya ABŞ rəsmisi bildirib.
“Ratkliffin sözlərinə görə, ABŞ-nin iyunun 22-də İranın nüvə obyektlərinə endirdiyi zərbələr Tehranın nüvə proqramına böyük zərbə vurub və bunun bərpası üçün illər lazım olacaq”, - mənbə qeyd edib.
Anonimlik şərti ilə telekanala danışan rəsmi MKİ direktorunun keçən həftə ABŞ qanunvericiləri ilə məxfi brifinq zamanı metal konvertasiya qurğusuna edilən zərbələrin əhəmiyyətini izah etdiyini söyləyib:
“Ratkliff həmçinin konqresmenlərə bildirib ki, kəşfiyyat icması İranın topladığı zənginləşdirilmiş uranın böyük əksəriyyətinin ABŞ-nin zərbələri ilə hədəfə aldığı üç əsas nüvə obyektindən ikisi olan İsfahan və Fordoda dağıntılar altında qaldığını açıqlayıb”.
ABŞ rəsmisi əlavə edib ki, uran toxunulmaz qalsa belə, metal konvertasiya qurğusunun itirilməsi Tehranın gələcək illər üçün nüvə bombası yaratmaq imkanlarını faktiki olaraq aradan qaldırıb.